Rusiya Qafqazda özünü "yandıra" bilər | Mübariz Əhmədoğlunun şərhi

Rusiya Qafqazda özünü "yandıra" bilər  | Mübariz Əhmədoğlunun şərhi
  08 Sentyabr 2023    Oxunub:4235
Qafqazda konfliktogen ərazilərin sayının azaldılması və bunun Qarabağ ermənilərindən başlanması Rusiya Fedreasiyası üçün həyati zərurətdir.
Qafqaz regionunda hərbi-siyasi xarakterli gərginlik artan istiqamətdə inkişaf edir və kiçik əhali qrupları arasındakı toqquşmalar regional hərbi münaqişəyə çevrilmək ərəfəsindədir. XX əsrin sonları-XXI əsrin əvvəllərində Dağıstan və Şimali Qafqazda, xüsusilə də Çeçenistanda baş verən destruktiv proseslər çox tez unuduldu. O zaman Azərbaycanın yaxından köməyi ilə Rusiyanın bu regionunda sabitlik yaradıldı, ərazi bütövlüyü pozulmadı.

Bu gün isə Dağıstan, Çeçenistan və İnquşetiyada baş verənlər həmin dövrün təkrarı anlamındadır. Bununla yanaşı, bəzi yeni və təhlükəli elementlər də nəzərə çarpır. Çeçenistanın başçısı R.Kadırovun davranışına öz xalqı və ümumi Qafqaz prizmasından çox müsbət yanaşıla bilər, amma buna bənzər fikri ümumrusiya kontekstində demək mümkün deyil. Nəinki Şimali Qafqaz, hətta ümumilikdə Rusiyanın bir çox məsələlərində Putini sanki R.Kadırov idarə edir. Qafqaz təkcə ərazinin və etnik tərkibin mürəkkəbliyi ilə seçilmir, bura həm də xarakterlər toplumudur.

Qarabağ münaqişəsi çar Rusiyası erməniləri İrandan Qarabağa, İrandan və Osmanlı imperiyasından müasir Ermənistan ərazisinə gətirən andan mövcuddur. Məhz ermənilərin SSRİ üçün daimi başağrısına çevirdiyi Qarabağ münaqişəsi nəhayət SSRİ-ni dağıtdı. Hazırda isə bu “problem” ətrafında aparılan oyunların əsas təyinatı Rusiyanı dağıtmaqdır. Söhbət ermənilərinin sayının çox və ya güclü olmasından yox, Moskva elitasının ermənilər tərəfindən idarə edilməsindən gedir. Konstantin Zatulin bir, bəlkə də iki ailəsini xaricdə ermənilərin hesabına yaşadır. Bu səbəbdən də, hətta Ukrayna mövzusunda belə anti-rusiya bəyanatı verib. K.Zatulin ABŞ-nin Ermənistandakı səfirliyinin binası tikilərkən, oranı o zamankı prezident R.Koçaryanla birlikdə qarış-qarış gəzib. Çünki milliyyətcə rus olsa da, erməniliyə xidmət etməlidir. Qərbin ermənilər vasitəsilə Rusiyanı dağıtmaq planı da belə faktorlar üzərində qurulub.

Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü anti-rusiyaçılığının Qarabağda uduzmaqla əlaqəsi çox azdır. İnqilabdan sonra hakimiyyətə gələn erməni baş nazirin ilk addımı KTMT-yə qarşı oldu. Rusiyanın 102-ci bazasının çıxarılacağı ilə bağlı ehtimallar dövriyyəyə buraxıldı. O zaman Qarabağ mövzusu yox idi. Ondan ilyarım sonra Paşinyan Şuşada rəqs edərkən, “Qarabağ Ermənistandır” demişdi. Paşinyanın ABŞ qarşısında öhdəliyi var və indi də onu yerinə yetirməklə məşğuldur. ABŞ-la keçirilən birgə hərbi təlimlər bunun sübutudur. Bir həftə öncə Gürcüstanda NATO hərbi təlimləri keçirildi, amma Ermənistan iştirak etmədi. İndi isə anons verilmədən birdən-birə öz ərazisində ABŞ-la təlim keçirir. Paşinyanın bu addımı məcburi şəkildə atdığı göz qabağındadır.

Bu baxımdan, Qarabağ məsələsi Paşinyanın öhdəliklərinin subyekti olmamalıdır. Qarabağ erməniləri Ermənistanın siyasi arenası statusundan qurtulmalıdır. Moskva istəsə bunları edə bilər.

Qarabağ münaqişəsi Cənubi Qafqazda yeganə deyil, Rusiyanın atdığı addımlar istənilən anda Abxaziyadakı vəziyyəti də qaynar fazaya keçirə bilər. Beləliklə, Qafqazın həm cənub, həm də şimalının alovlanmağa hər an hazır olduğunu demək mümkündür. Sonda Rusiya Ukraynada nəzərdə tutduğu müharibədən müddətcə qat-qat artıq müharibə ilə Qafqazda üzləşə bilər. Bu müharibənin isə Rusiyanın ərazi bütövlüyü çərçivəsində nəticələnəcəyini iddia etmək çox çətindir. Təbii ki, ehtimal edilən bu müharibədə Azərbaycanın dəstəyi Rusiyanın yanında olacaq. Yeganə şərt Rusiyanın sabitlik, ərazi bütövlüyü, dövlət suverenliyi məsələlərində hamı ilə, xüsusilə də Azərbaycanla səmimi davranmasıdır.

Konfliktogen ərazilərin daralması üçün Rusiyanın ilk addımı Qarabağa 200 il bundan öncə gətirdiyi erməniləri çıxarmaqdan başlamalıdır. Lap İrana qaytarmaq lazım gəlsə belə, Moskva erməniləri Azərbaycan torpaqlarından çıxarmalıdır. Necə yerləşdiribsə, eləcə də buradan aparmalıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri
AzVision.az üçün


Teqlər: Rusiya   Qafqaz  





Xəbər lenti